Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinin aparılması qaydası müəyyənləşib

Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinin aparılması qaydası müəyyənləşib

13:40 01.07.2020

“Hakimiyyet.com” xəbər verir ki,

Nazirlər Kabineti  “Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinin aparılması və yeni metodların həmin Reyestrə daxil.edilməsi Qaydaları”nı təsdiq edib.

APA-nın məlumatına görə, bu Qaydalar Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinin aparılması, yeni metodların həmin Reyestrə daxil edilməsi qaydalarını müəyyən edir.

Bu Qaydaların məqsədi məhkəmə ekspertizasının tədqiqat metodları barədə məlumatların əldə edilməsini təmin etməkdir. Dövlət Reyestrinin aparılması və yeni tədqiqat metodunun həmin Reyestrə daxil edilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi  tərəfindən həyata keçirilir. Dövlət Reyestri informasiya ehtiyatıdır. Dövlət Reyestrinin formalaşdırılması, aparılması, idarə olunması, tamlığı və mühafizəsi Ədliyyə Nazirliyi tərəfindən təmin edilir. Dövlət Reyestrinin informasiya təminatı Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası idarələri həmçinin özəl məhkəmə ekspertləri tərəfindən “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanununun tələblərinə uyğun olaraq hazırlanmış, sınaqdan keçirilmiş və tətbiq edilən tədqiqat metodu barədə məlumatların təqdim edilməsi yolu ilə həyata keçirilir.

Tədqiqat metodu məhkəmə ekspertizası idarəsi tərəfindən qərarla təsdiq olunur. Həmin qərarın qəbul edildiyi gündən 5    günü ərzində bu Qaydalarda göstərilmiş məlumatlar məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya onun müavininin imzalanmış müşayiət məktubu ilə təsdiqedici sənədlər əlavə edilməklə, kağız və elektron daşıyıcılarda Dövlət Reyestrinə təqdim olunur. Özəl məhkəmə eksperti tədqiqat metodunu onun aid olduğu məhkəmə ekspertizası sahəsi üzrə məhkəmə ekspertizası idarəsi ilə razılaşdırmaqla, bu Qaydalarda göstərilən məlumatları imzalanmış müşayiət məktubuna təsdiqedici sənədləri əlavə etməklə, kağız və elektron daşıyıcılarda Dövlət Reyestrinə təqdim edir.  Tədqiqat metodu barədə məlumatlar Ədliyyə Nazirliyinə daxil olduğu gündən 1 iş günü müddətində çatışmazlıqların olub-olmaması yoxlanılır və çatışmazlıqlar aşkar edilmədikdə Dövlət Reyestrinə daxil edilir. Təqdim edilmiş məlumatlarda çatışmazlıqlar müəyyən edildikdə, o cümlədən məlumatların mətni üzərində hər hansı düzəliş olduqda və ya kağız daşıyıcı ilə elektron daşıyıcıda olan mətnlər arasında uyğunsuzluq aşkar olunduqda, bu barədə məhkəmə ekspertizası idarəsinə və ya özəl məhkəmə ekspertinə müraciətin daxil olduğu gündən 3 iş günü müddətində yazılı bildiriş göndərilir. Çatışmazlıqlar məhkəmə ekspertizası idarəsi və ya özəl məhkəmə eksperti tərəfindən bildirişin alındığı tarixdən 5 iş günü müddətində aradan qaldırılmalıdır. Çatışmazlıqlar məhkəmə ekspertizası idarəsi və ya özəl məhkəmə eksperti tərəfindən bu Qaydalarda göstərilən müddətdə aradan qaldırılmadıqda, Dövlət Reyestrinə daxil edilməsi üçün təqdim olunmuş məlumatlar müvafiq məktubla geri qaytarılır.

Dövlət Reyestrinə tədqiqat metodu barədə daxil edilən məlumatlar aşağıdakılardır:

  tədqiqat metodunun adı;

 – tədqiqat metodunun aid olduğu məhkəmə ekspertizası sahəsi;

– tədqiqat metodunu təqdim edən məhkəmə ekspertizası idarəsinin adı, hüquqi ünvanı, özəl məhkəmə ekspertinin adı, soyadı,

atasının adı və fəaliyyət göstərdiyi ünvan;

– tədqiqat metodunun pasportu;

– tədqiqat metodunun Dövlət Reyestrinə daxil edildiyi tarix və qeydiyyat nömrəsi.

Dövlət Reyestrindəki məlumatlarda dəyişiklik və yeni tədqiqat metodunun Dövlət Reyestrinə daxil edilməsi bu Qaydalara uyğun olaraq həyata keçirilir. Dövlət Reyestrinə daxil edilmiş məlumatlarda onların uyğunsuzluğuna səbəb olmuş texniki və digər səhvlər aşkar edildikdə, həmin səhvlər məhkəmə ekspertizası idarəsinin və ya özəl məhkəmə ekspertinin müraciəti əsasında və ya Ədliyyə Nazirliyinin təşəbbüsü ilə 1 iş günü ərzində aradan qaldırılır.

Dövlət Reyestri açıqdır, Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir və məlumatlar daim yenilənir. Məhkəmə ekspertləri məhkəmə ekspertizasının aparılması zamanı Dövlət Reyestrinə daxil olan tədqiqat metodundan istifadə edirlər. Məhkəmə eksperti Dövlət Reyestrinə daxil olmayan tədqiqat metodundan yalnız həmin metodun aşağıdakı bütün şərtlərə cavab verdiyini ekspert rəyində əsaslandırmaqla istifadə edə bilər:

– qanunda nəzərdə tutulmuş norma və prinsiplərə zidd deyildir;

– elmi cəhətdən əsaslandırılmışdır;

– insanların həyat və sağlamlığı və ətraf mühit üçün təhlükəsizdir.

Qeyd edək ki, Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinin yaradılması 29 noyabr 2019-cu il tarixində “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna edilən dəyişiklikdə nəzərdə tutulub.

Xəbəri paylaş: