Məşhurlar xalqa çağırış etdilər

9:36 Mart 27, 2020

Ümumdünya Səhiyyə Təşkilatının başlatdığı “evdə qal, həyatları xilas et” aksiyasına artıq cəmiyyətin bütün təbəqələri, o cümlədən mədəniyyət xadimləri də qoşulub. Onlar hər kəsi hökumətin koronavirus infeksiyasına qarşı qabaqlayıcı və təxirəsalınmaz tədbirlərini dəstəkləməyə çağırırlar. Ziyalılar evdə qalmağın müsbət tərəflərindən danışaraq, bu fürsətdən kifayət qədər faydalanmağı məsləhət görürlər.

Milli.Az xəbər verir ki, Xalq artisti İlham Namiq Kamal Trend-ə açıqlamasında bildirib ki, karantin müddəti insanların xeyrinə olan qərardır:

“Həyatda çətin günlər olur, belə vaxtlarda insanlar dözümlü, səbrli və həmrəy olmalıdır. Bir şeyi unutmamaq lazımdır. Hər bir insanın özünü qorumağı, dövləti, xalqı qorumaq deməkdir. Ona görə də, qaydalara tək özümüz üçün deyil, cəmiyyətimiz üçün əməl etməliyik. Hazırda mən və ailəm birlikdə karantin rejiminə riayət edərək, evdə qalırıq”.

Xalq artisti deyir ki, xüsusuilə şəhərdə olanlar imkan daxilində qaydalara uyğun hərəkət etməlidir:

“Bu dövrdə insanların bir-biri ilə görüşməsi əvəzinə evdə oturub ailələri ilə zaman keçirmələri daha məqsədəuyğundur. Bu qərar həm də ailələrdə mehribanlığı, yaşlılara və uşaqlara olan diqqəti artıracaq. Əsasən də valideynlər evdə qaldığı müddətdə övladlarına daha çox zaman ayıra, qayğı göstərə bilərlər. Mən insanları dövlətin, ölkə başçısının göstərdiyi xeyirxah niyyəti, xalqına qayğısını dəstəkləməyə çağırıram. Hörmətli vətəndaşlar evdə qalın, əllərinizi tez-tez yuyun, daha sonra spirtləyin”.

Əməkdar artist Bəhram Bağırzadə isə artıq bir həftədir ki, evdə olduğunu söyləyir:

“Mən artıq bir həftədir ki, evdəyəm. Gün ərzində yalnız bir saat həyətə düşüb gəzirəm ki, ayaqlarım tutulmasın, qan dövranım yaxşılaşsın.

O qeyd edib ki, təkcə özü yox, ailəsi də bir həftədir ki, evdə qalaraq karantin rejiminə əməl edir:

“Biz Azərbaycan dövlətinin qayda-qanununa riayət edirik. Evdə qalaraq həkimlərin tövsiyələrinə uyğun hərəkət edirik. Çalışırıq ki, panikaya düşməyək. Ailəmizdə yalnız mənim həyat yoldaşım həkim olduğu üçün öz vəzifə borcunu yerinə yetirir və hazırda evdə yox, xəstələrinin yanındadır”.

B.Bağırzadənin sözlərinə görə, insanlar başa düşməlidirlər ki, onlar digərlərini də xəstələndirə bilərlər:

“Vətəndaşlara tövsiyə edirəm ki, siz də evdə qalaraq həm özünüzü, həm də insanları təhlükədən qoruyun. Tez-tez əlləri yumaq, bizim hamımıza hələ uşaq vaxtından öyrədilib. Adi təmizlik qaydalarını gözləməklə, virusdan qoruna bilərik”.

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub. Xüsusi rejim qaydalarına əsasən, xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılıb, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, vətəndaşlara yerüstü nəqliyyatdan istifadə etmək, insanlararası təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xətlərə zəng etmək ciddi tövsiyə olunub.

Xəbəri paylaş: